Bildiyimiz kimi yay aylarında tələbələr və digər vətəndaşlar kimi, yetkinlik yaşına çatmamış uşaqlar və yeniyetmələr də müxtəlif iş yerlərində işləyirlər. Bu dövrümüzün reallığı və gənclərin uşaq yaşlarından həyata atılmasını göstərən bir fəaliyyətdir. Lakin bəzi müəssisələrdə qeyri-rəsmi və artıq iş saatları ilə uşaqların işlədilməsi hallarına rast gəlirik.
Qeyri-rəsmi uşaq əməyi uşağın dövlət tərəfindən qeydə alınmayan, əmək müqaviləsi olmadan, təhlükəsizlik, sağlamlıq və təhsil məsələləri nəzərə alınmadan işlədilməsidir.
Bəs uşaqların qeyri-rəsmi işlədilməsi ilə bağlı hansı hüquqi tədbirlər görülür və görülməlidir?
Məsələ ilə bağlı newsbaku.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki: “Bu, qanunvericiliklə qadağandır. Hər hansı şəkildə bununla bağlı nəzarət və ya yoxlama aparılarsa işəgötürən məsuliyyət daşıyır. İnsan alveri ilə bağlı məqamlar da olarsa, onda həmin şəxs konkret cinayət məsuliyyətinə cəlb oluna bilər.”
Ekspert Natiq Cəfərli isə newsbaku.az-a bildirib ki: “Azərbaycanda, təbii ki, əmək məcəlləsi və uşaq əməyinin istismarı ilə bağlı qanunvericilik bazası mövcuddur. Əmək müfəttişliyi də bu sahədə müəyyən səlahiyyətlərə malikdir və belə hallarda böyük məbləğlərdə cərimələr tətbiq edə bilər. Hətta yetkinlik yaşına çatmamış bir uşaq ailə üzvü olsa və ailə təsisatında çalışsa belə, bu, hüquqi məsuliyyət doğurur.
Lakin regionlarda bu sahədə ciddi nəzarət mexanizmlərinin olmaması səbəbindən, xüsusilə də yay aylarında uşaq əməyinin istismarı geniş yayılıb, təəssüf ki. Bu isə bir sıra problemlərə yol açır.
Düşünürəm ki, qanunvericilikdə müəyyən boşluqlar mövcuddur. Məsələn, rayon və kənd yerlərində ailəyə məxsus tarlada uşağın çalışması kimi hallarda konkret və ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu düşünmürəm.”
Paşa Nuru
newsbaku.az