Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcəklər.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumat sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən (SXA) verilib.
Qeyd edilib ki, agentliyin əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.
“Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub.
Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq körpələr evinə yerləşdiriləcək”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, azyaşlıların hadisəni törətməkdə şübhəli bilinən valideynləri saxlanılıblar.