Mamed Qurbanovla Prodüserlikdə İnnovasiya və Süni İntellekt: Yeni Yaradıcı Dövr

image-whatsapp-image-2025-07-25-at-19-49-48-1-3backend

Azərbaycan Süni İntellekt Laboratoriyasının məzmun yaradıcısı və “İlğım” filminin prodüseri Mamed Qurbanov newsbaku.az -a müsahibəsində yaradıcılıq, film sənəti və süni intellektin sintezi mövzusunda fikirlərini bölüşüb.

Prodüserin sözlərinə görə, “İlğım” filmində təkcə müharibə deyil, müharibədən sonra yaşanan sükut, ağrı və travmalar ön plandadır. O, bu atmosferi qurarkən hansı detallara xüsusilə diqqət etdiyindən bəhs edib:

image-sddefault-2

“Filmdə bizim əsas vizual məqsədimiz müharibəni sadəcə döyüş səhnələri ilə göstərmək deyildi. Biz istədik ki, tamaşaçı müharibənin təsirini birbaşa cəbhədə deyil, onun kölgəsinin düşdüyü sadə bir evin həyətində, gündəlik həyatda hiss etsin. Çünki əsl travma çox vaxt səssiz olur nə güllə səsi, nə də partlayış olmadan.

Texniki baxımdan üzərində ən çox dayandığımız iki əsas məqam montaj ritmi və rəng palitrası idi. Montaj vasitəsilə sadə səhnələr arasında emosional əlaqə qurmağa, daxili gərginliyi səslərdən və kəsik kadrlardan istifadə edərək ötürməyə çalışdıq. Rəng palitrasında isə soyuq və tutqun tonlara üstünlük verdik ki, bu da vizual olaraq izolyasiya, sükut və psixoloji ağırlıq hissini gücləndirirdi.

Bundan əlavə, dialoqların təbiiliyi bizim üçün çox vacib idi. Heç nə süni olmamalı idi sanki kamera təsadüfən həmin həyətə düşüb, orada baş verənləri sənədli şəkildə çəkir. Eyni zamanda, film boyunca verilən danışılan yuxu səhnəsi və bəzi mövzuların gerçək hadisələrə əsaslanması, bu emosional atmosferi daha inandırıcı və ağır edən elementlərdən oldu”.

Mamed Qurbanov etiraf edib ki : “Filmin emosional yükü texniki yükündən daha ağırdır. Çünki filmdəki personajlar sadəcə yazılmış obrazlar deyildi onlar real həyatda yaşamış, bu hadisələri gerçəkdən keçirmiş insanları təmsil edirdilər. Filmin sonunda onların hər biri şəhidin qəbrinin başında göstərilir və bu səhnələr bizə həm mənəvi, həm də insani baxımdan çox böyük məsuliyyət hissi yüklədi.

Xüsusilə rejissor Aydın Arslanın dialoqları çox təbiiliklə yazması, aktyorlarla emosional bağlantı quraraq onlara istədiyi duyğunu tam çatdırana qədər təkrar çəkimlər etməsi, bu təsiri daha da gücləndirdi. Həmin səhnələrdə kadr arxasında belə bir sükut və duyğu yoğunluğu yaranırdı ki, bu da artıq iş deyil, hissə çevrilmişdi”.

Prodüser ‘Film yayımlandıqdan sonra aldığınız ən təsirli reaksiya hansıdır?’ sualına isə belə cavab verib :

“Ən təsirli reaksiya, şübhəsiz ki, 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında yaşandı. Filmdə obrazı canlandırılan şəhid Kamran Hacıyevin valideynləri də nümayişdə iştirak edirdi. O an onların yaşadığı sevinc, kədər və qürur hissini sözlə ifadə etmək çətindir. Bir tərəfdən övladlarının xatirəsinin bu cür hörmətlə anılması onları sevindirirdi, digər tərəfdən isə təbii ki, bu yad etmə içindəki boşluq və ağrı hər kəsə keçirdi. Bu bizim üçün ən dərin və yaddaqalan reaksiya oldu.

Nümayişdə, eyni zamanda qazi Taleh Süleymanov, onun valideynləri, eləcə də komandir Rauf Əliyev də iştirak edirdi. Onların da filmə baxarkən yaşadığı duyğular, səssiz reaksiyalar və sonda səsləndirdikləri səmimi təşəkkür sözləri bizim üçün çox böyük mənəvi dəyər daşıyır.

Əlavə olaraq, film YouTube platformasında artıq 130 min baxış sayına çatıb və yüzlərlə müsbət, ürəkdən gələn rəy alıb. Ən sevindirici məqam isə budur ki, bu qədər geniş izləyici arasında heç bir mənfi rəy olmaması oldu. Bu da bizim üçün bir göstəricidir ki, film emosional olaraq tamaşaçıya çatıb və səmimiyyəti hiss olunub”.

image-whatsapp-image-2025-07-25-at-19-49-48-2-2

Mamed Qurbanov filmlərindəki özünəməxsus vizual atmosferi yaradarkən onu nələrin ilhamlandırdığından danışıb:

“Məni ən çox ilhamlandıran şeylər isə sükut, müşahidə və xatirələrdir. Bəzən küçədə təsadüfi bir səhnə, köhnə bir foto, ya da real həyatda yaşanmış bir hadisə o qədər güclü təsir buraxır ki, ondan vizual bir təsvir qurmaq ehtiyacı yaranır. Müharibə mövzusunda işlədiyim “İlğım” filmində də məhz bu cür real hadisələrin sakit, amma dərin iz buraxan tərəflərindən təsirlənmişəm.

Əlavə olaraq, rənglər və işıqla emosional dil qurmaq mənim üçün çox önəmlidir. Rəng palitrası və montaj ritmi ilə bir səhnənin psixoloji yükünü artırmaq mümkündür və bu texniki detallar mənə yaradıcılıqda yön verir.

İlhamı həm də süni intellektlə işləmək prosesində tapıram. AI vasitəsilə yaradılan görüntülər, ya da vizual sınaqlar bəzən düşüncənin sərhədlərini genişləndirir və tam fərqli yanaşmalar açır. Bu isə mənim üçün fərqli vizual atmosfer yaratmaqda bir fürsətə çevrilir. Ən əsası isə hər layihədə sual verirəm bu hissi hansı vizual dildə izah edə bilərəm? Cavab da atmosferin özündə gizlənir.

Bu sahədə AI, xüsusilə vizual eskizlərin yaradılması, mətn generasiyası və kreativ ideya mərhələsində çox faydalı alət kimi istifade olunur. Məsələn, bir qısa video üçün uyğun rəng paletleri, səhnə kompozisiyası və ya hətta səs effektləri üçün süni intellektdən kömək alıram.

Növbəti film layihəmizdə süni intellektin imkanlarından daha sistemli və yaradıcı şəkildə faydalanmağı planlaşdırırıq. Xüsusilə konsept planlama, vizual referansların yaradılması və post-prodakşn mərhələsində AI bizim üçün həm vaxt qazandıracaq, həm də daha orijinal həll yolları təklif edəcək. Yəni bu mərhələdə süni intellekt mənim üçün artıq yalnız eksperiment deyil, iş prosesimin ayrılmaz hissəsinə çevrilmək üzrədir.

Amma ən vacib məsələ budur ki, mən AI-dən insanı əvəz edən yox, insanın yaradıcılığını gücləndirən vasitə kimi istifadə edirəm. Və bu yanaşma proyektlərdə həm klassik duyğunu, həm də müasir texnologiyanın imkanlarını bir araya gətirə bilər”.

M.Qurbanov bir çox insanın əksinə süni intellektin yaradıcı prosesi öldürdüyünü düşünmür:

“Mənim fikrimcə, bu, süni intellektə necə yanaşmağımızdan asılıdır. Əgər AI-ı yaradıcı insanın yerinə keçən bir “əvəzləyici” kimi görürüksə, təbii ki, bu narahatlıq doğurur. Amma mən AI-ı yaradıcı prosesi gücləndirən bir əməkdaş kimi görürəm fikirlərin formalaşmasında, alternativlər yaratmaqda, texniki işləri asanlaşdırmaqda və yeni yollar açmaqda çox böyük potensiala sahibdir.

AI yaradıcılığı məhv etmir, əksinə ona yeni nəfəs, yeni imkanlar ve daha geniş perspektivlər verir. Təsəvvür edin, əvvəllər günlərlə beynimizdə vizuallaşdıra bilmədiyimiz bir fikri indi bir neçə dəqiqəyə test edə bilirik. Bu, zaman qazanmaqla yanaşı, eksperiment ruhunu da canlandırır.

Bununla belə, yaradıcılığın əsas nüvəsi ideya, duyğu və baxış bucağı yenə də insana aiddir. AI sizə variantlar təqdim edə bilər, amma nə danışılmalı olduğunu, necə hiss etdirilməli olduğunu yalnız insan qərar verir.

Məncə, AI-dan qorxmaq əvəzinə, onu öyrənmək, anlamamaq yerinə onunla işləməyi bacarmaq bu dövrün yaradıcı insanı üçün çox önəmlidir. Yaxşı istifadə edildikdə, AI yaradıcılığın qarşısını almır onu sürətləndirir və dərinləşdirir”.

Mamed Qurbanovun müsahibəsində süni intellekt və kino sənətinin kəsişməsinə dair səsləndirdiyi dərin və maraqlı fikirlər oxucuya yeni bir baxış bucağı təqdim edir. Onun fikirləri süni intellektin yaradıcılıqla necə harmoniya təşkil edə biləcəyini göstərməklə yanaşı, insan duyğusunun bu prosesdə əvəzolunmaz yerini də bir daha xatırladır.

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki