“Məktəb yaş dövründə olan uşaqlarda özgüvən əskikliyi, emosional tənzimləmə problemləri və sosial adaptasiya çətinlikləri ən geniş yayılmış problemlərdir. Uşaqlar həm daxili aləmlərini ifadə etməkdə, həm də sosial mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu da digər problemləri — aqressiya, dərsdən yayınma, müəllimlərlə və ya yoldaşlarla münasibət pozuntularını doğurur.”
Bunu newsbaku.az-a müsahibəsi zamanı məktəb və ailə psixoloqu Şərəbanı Abbasova deyib.
“Şagirdlərdə ən çox qarşılaşdığım problemlər — özgüvən əskikliyi, diqqət çatışmazlığı və hiperaktivlik (DEHB), aqressiv və impulsiv davranışlar, anlama və qavrama çətinlikləri (disleksiya, diskalkuliya), sosial fobiyalar və qapanıqlıq, valideyn boşanması və ailədaxili konfliktlərin təsiri, bullying (zorakılıq) və psixoloji təzyiqdir.
Son zamanlar uşaqlarda əsəbilik, aqressiv davranışlar, hətta bəzən şiddətə meyillilik müşahidə olunur və bu, təbii ki, təsadüfi deyil. Bu cür davranışlar bir çox faktorun nəticəsi olsa da ən əsası ailə mühitidir. Uşaq nəyi görürsə, onu təkrar edir. Ancaq məktəb mühiti də bu davranışı ya artıra, ya da azalda bilər.
Ailədaxili münaqişə və münasibət forması, məktəb və sosial mühitdə təzyiqlər, emosional ifadə bacarığının inkişaf etməməsi, texnologiyanın təsiri və oyunlardakı zorakılıq şagirdlərdə aqressivliyi artıran önəmli səbəblərdəndir.
Bu vəziyyətlə mübarizə aparmaq üçün əvvəla, uşaqlara emosional savadlılıq öyrədilməli, valideynlər maarifləndirilməlidir. Məktəblərdə isə mütləq şəkildə emosional tənzimləmə proqramları tətbiq olunmalıdır. Müəllim yanaşması, yoldaş münasibətləri və məktəb daxilində zorakılığa qarşı tədbirlər görülməlidir.
Aqressiv uşaqlarla işləyərkən bir sıra psixoloji yanaşmalardan istifadə edilir. Oyun terapiyası — uşağın emosiyalarını ifadə etməsi üçün, koqnitiv-davranışçı terapiya — düşüncə və davranış nümunələrini dəyişmək üçün, EQ çalışmaları (emosional zəka) — hissləri tanıma və idarə etmə bacarığı, nəfəs və sakitləşmə texnikaları — özünü tənzimləmə bacarıqlarını artırmaq üçün, valideyn yönümlü terapiya – evdə dəstəyin davamlılığı üçün çox vacibdir”.
Ş.Abbasova texnologiyanın, sosial medianın və video oyunların şagird psixologiyasına təsirlərindən bəhs edib :
“Zorakı, şiddətli səhnələrlə dolu oyunlar və sosial mediada qəzəbli nümunələr uşağın tənqidi düşüncəsi formalaşmadığı halda bu davranışları normallaşdırmasına səbəb olur. Bu isə real həyatda aqressivliyin artmasına gətirə bilər. Oyunlar tamamilə qadağan olunmalı deyil, nəzarətli və yaşa uyğun olmalıdır.
Texnologiya düzgün istifadə olunmadıqda ciddi psixoloji təsirlər buraxır: diqqət və yaddaş pozuntuları, real həyatdan uzaqlaşma və asosiallıq, zaman idarəetmə problemi, depressiv hallar və özünüqəbul etmə problemləri və s.
Eyni zamanda texnologiya düzgün yönləndirilsə, təhsildə və psixoloji maarifləndirmədə də faydalı ola bilər”.
Psixoloq təəssüf hissi ilə qeyd etdi ki, cəmiyyətimizdə hələ də “psixoloqa getmək problemi olan insana xasdır” kimi yanlış bir fikir var. Bu, uşaqlara da ötürülür. Bəzi şagirdlər psixoloq otağına gələndə qorxu və ya utancaqlıq hiss edirlər. Ancaq doğru yanaşma və mühit qurulduqdan sonra onlar rahatlaşır və açılırlar. Bu tabu valideynlər arasında da müşahidə olunur.
Valideynlərlə əməkdaşlıqda bir sıra çətinliklərlə rastlaşırıq. Buna nümunə olaraq, valideynlərin inkar etməsi — uşaqda problem olduğunu qəbul etməmələri, qeyri-real gözləntilər — adətən, valideynlər dərhal nəticə istəyirlər, psixoloji maarifləndirmənin zəif olması — psixoloqun rolunu düzgün anlamamaları, əməkdaşlığa açıq olmamaları — dəstək prosesində aktiv iştirak etməmələrini göstərə bilərik.
Sonda Şərəbanı Abbasova valideynlərə vacib məsləhətlər verib:
“Dinləyin, mühakimə etməyin — Uşağın duyğusunu anlamadan davranışını dəyişmək mümkün deyil.
Sevgi və sərhəd birlikdə olsun — Uşaq həm qayğını, həm də qaydanı eyni anda hiss etməlidir.
Uşaq olmaq hüququnu əllərindən almayın — Onlardan böyüklər kimi davranış gözləmək, emosional yük yaradır.
Problemləri gizlətməyin — birlikdə çözməyə çalışın”.
Aynur Abdullayeva
newsbaku.az