Ərzaq bahalaşması niyə dayanmır? – Ekspert açıqlama verdi

image-whatsapp-image-2025-07-28-at-16-14-57backend

İqtisadçı ekspert Natiq Cəfərli newsbaku.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiymətinin artmasının və bu artımın davamlı olmasının bir neçə əsas səbəbi var. Onun sözlərinə görə, bu səbəblərdən ən başlıcası ölkənin ərzaq sahəsində idxaldan yüksək asılılığı və yerli istehsalın zəifləməsidir.

“Ət, süd, yağ kimi məhsullarda ciddi problem yaşanır. Son iki il ərzində həm iri buynuzlu, həm də xırdabuynuzlu mal-qaranın sayında kəskin azalma var. Belə ki, iri buynuzlu mal-qara təxminən 300 min baş, xırdabuynuzlu mal-qara isə 1 milyon 300 min baş azalıb. Bu da idxaldan asılılığımızı artırıb. Hazırda əsasən Gürcüstandan və Rusiyadan ət idxal edirik.”

Ekspert əlavə edib ki, daxili bazarda təklifin azalması, yay aylarında tələbatın artması və quru sərhədlərin bağlı olması da qiymətlərə birbaşa təsir göstərir: “Yay mövsümündə ölkəyə gələnlərin sayı artır. Eyni zamanda vətəndaşlarımız sərhədlər bağlı olduğu üçün istirahətlərini ölkə daxilində keçirirlər. Bu da tələbatı yüksəldir və qiymət artımını daha da sürətləndirir.”

Natiq Cəfərli bildirib ki, bu prosesin qarşısını almaq üçün hökumətin əlində imkanlar var:

“Əgər hökumət müəyyən qərarlarla – məsələn, vergi və gömrük rüsumlarını aşağı salmaqla – müdaxilə etsə, qiymətləri tənzimləmək olar. Bu, eyni zamanda vətəndaşlar üçün ciddi bir siqnal olar və bahalaşmanın qarşısını qismən almağa kömək edər.”

Rəşanə Quliyeva 

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki