Zifora Moban: “Media savadlılığı özəl və dövlət sektoru üçün zəruri bacarıqdır”

image-z-mbackend

“Media savadlılığı təkcə jurnalistlər üçün deyil, həm də özəl və dövlət sektorlarının liderləri üçün zəruri bacarıqdır”.

newsbaku.az “Report”a istinadən xəbər verir ki, bunu Afrika İttifaqının İnkişaf Agentliyinin Baş direktorunun Ofisinin kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Zifora Moban III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, dayanıqlı media mühitinin formalaşdırılmasının məsuliyyəti jurnalistlər və kütləvi informasiya vasitələri ilə yanaşı, özəl və dövlət sektorlarının rəhbərlərinin də üzərinə düşür.

“Liderlər məhz onlayn media platformalarının daha fəal iştirakçılarıdır. Buna görə də onlar səhih məlumatların yayılmasında jurnalistlər qədər məsuliyyət daşımalıdırlar”, – o qeyd edib.

Z.Moban vurğulayıb ki, media savadlılığı universal bacarıq deyil, o, auditoriyadan asılı olaraq dəyişir: “Media savadlılığının bütün ekosistemini anlamaq çox vacibdir. Bu bacarıq vətəndaşlar, liderlər, məmurlar, həmçinin kənd yerlərinin sakinləri üçün fərqli olacaq. Məsələ təkcə KİV-in həqiqəti yaymasında deyil – insanlar saxta xəbərləri keyfiyyətli jurnalistikadan ayıra bilməlidirlər”.

O, həmçinin internet KİV-in sürətli inkişafı mövzusuna və media strukturlarında dərhal reaksiyavermə mexanizmlərinin yaradılması zərurətinə toxunub.

“Məlumatın insanlara vaxtında çatması üçün gecikmədən reaksiya vermək lazımdır. Əgər informasiya vakuumu yaranarsa, o, dərhal fərziyyələr və spekulyasiyalarla doldurulur. Bu, həm özəl şirkətlərin, həm də dövlət qurumlarının nüfuzuna xələl gətirə bilər”, – Afrika İttifaqının nümayəndəsi vurğulayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki