Xıdırlıya qayıdan sakin: “Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar”

image-1200-1backend

“34 yaşımda çıxmışam Ağdamdan. Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar. Çox ağrılı-acılı günlər yaşadıq”.

newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan keçmiş məcburi köçkün Zərifə Kərim qızı Allahverdiyeva deyib.

O bildirib ki, çətin günlər yaşasa da, bu gün doğma yurduna köç etdiyi üçün çox sevinclidir:

“34 yaşında çıxdığım Ağdama 66 yaşımda qayıdıram. Çətin günlər yaşadıq. Xatırlayıram o günləri. Güllə, atışma səsləri, havada uçuşan mərmilər. Bizim yaşadığımız yeri yeddi dəfə vurdular. Evimiz yandı, mal-qaramız tələf oldu. Hamısı gözümün qarşısındadır. Çox itkilərimiz oldu.

32 il yataqxana şəraitində ömür sürdük. Övladlarımızı çətinliklə böyütdük. Həyat yoldaşım da çox istəyərdi ki, bu günləri görsün, amma ömür vəfa etmədi. İndi qızımla, oğlumla qayıdıram Ağdama.

Ali təhsilliyəm, kimyaçı kimi işləmişəm, müəllimə kimi işləmişəm, indi isə təqaüdə çıxmışam.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı Bakının Qaradağ rayonundan yola salınır. Bu mərhələdə 60 ailə (236 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki