“Monetri” və “TBC Kredit” BOKT-un birləşməsi ilə bağlı müqavilə imzalanıb

image-izobrazhenie_2025-07-29_110708887backend

Mikromaliyyə sektorunun iki əsas iştirakçıları olan “Monetri” bank olmayan kredit təşkilatı (BOKT) və “TBC Kredit” BOKT-un birləşməsi üzrə müqavilə imzalanıb. Birləşmə “TBC Kredit Azərbaycan”ın səhmdarı olan “TBC Bank” (Gürcüstan) tərəfindən səhmlərin “Monetri” BOKT-a satılması ilə baş verib. 29 iyul 2025-ci il tarixdə Tbilisi şəhərində “TBC Bank Gürcüstan”ın baş direktoru Vaxtanq Butsxiridze və “Monetri” BOKT-un müşahidə şurasının üzvü Yusif Abdullayev arasında səhmlərin alqı-satqısı üzrə müqavilə imzalanıb.

“TBC Kredit” isə 1999-cü ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir və mikromaliyyə bazarının ilk iştirakçılarından və yaradıcılarından biri hesab olunur. 2013-cü ildən etibarən ölkədə fəaliyyət göstərən “Monetri” BOKT 25 milyonluq aktivlərinin həcminə görə mikromaliyyə bazarında öncül mövqelərdən birini tutmaqdadır.

Bu iki BOKT-un aktivlərinin birləşməsi nəticəsində “Monetri BOKT” MMC mikro maliyyə sektorunda təxminən 40 milyon manata yaxın aktiv portfeli ilə fəaliyyət göstərəcək və bazar payını əhəmiyyətli dərəcədə artıracaqdır. Birləşmənin əsas məqsədi resursların birləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu addım həmçinin regionlarda daha geniş maliyyə əlçatanlığı təmin edəcək və mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, birləşmiş komanda təcrübə və peşəkarlıq baxımından mikro maliyyə sektorunda güclü sinerji yaradaraq innovativ məhsul və xidmətlərin inkişafına təkan verəcək.

“TBC Kredit” müştəriləri kredit öhdəliklərini rahat şəkildə “TBC Kredit”in baş ofisinə və ya “Monetri” BOKT-un bütün filial və nümayəndəliklərinə yaxınlaşaraq yerinə yetirə və kreditlərini yeniləyə bilərlər. Eyni zamanda, “Monetri” BOKT-un “*0525″ qısa nömrəli qaynar xəttinə zəng edərək, “TBC Kredit” müştəriləri cari kreditləri və digər məhsul və xidmətlər haqqında ətraflı məlumat əldə edə bilərlər. Bu yanaşma birləşmədən sonra müştəri məmnuniyyətini qorumağa və xidmətlərin fasiləsizliyini təmin etməyə yönəlib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki