“Ailə qurmaq barədə düşünmürəm. Amma ailə quracağım şəxs karyeramı bitirməyimi istəsə, onu anlayışla qarşılayaram”.
newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, bunu müsahibəsində qadınlardan ibarət Azərbaycan millisinin və Rusiyanın “Zenit” klubunun futbolçusu Nigar Mirzəliyeva bildirib.
Onunla müsahibəni təqdim edirik:
– Rusiya səviyyəsində futbol mühitinə alışma prosesiniz necə oldu? Fərqli mühit, dil, mədəniyyət sizin üçün nə gətirdi?
– İlk legioner həyatıma Kazanın “Rubin” klubunda başlamışam. İlk dəfələr çox çətin idi. Həm dil məsələsi, həm də ailəmdən və ölkəmdən kənarda yaşamaq çətinlik yaradırdı. Sonradan rus dilini öyrəndim. Ancaq, ailəm və ölkəm üçün hələ də çox darıxıram. Darıxmaq xaricində hər şey qaydasındadır. Başqa hansısa bir mövzuda çətinlik çəkmirəm.
– “Zenit”də həftənin rəmzi komandasına düşdünüz. Belə uğur üçün özünüzü necə ruhlandırırsınız?
– Artıq dəfələrlə “Zenit”in rəmzi komandasına düşmüşəm. Bu, mənim üçün sevindirici haldır. Yaxşı oyunlarım, çıxışlarım sayəsində seçilib rəmzi komandaya layiq görülmüşəm. Davamlı olması üçün lazım olan hər şeyi edəcəyəm.
– Ailə və evdən uzaqda olmaq sizin üçün necə çətinlikdir? Dəstək mexanizminiz necədir?
– Ailədən uzaq qalmaq məni çox sıxır. Çünki anam üçün çox darıxıram. Amma, bu, mənim işimdir. Bu sahədə çalışmağı seçmişəmsə, məcburən dözməliyəm və arzularımın arxasınca getməliyəm.
– Hazırkı müqaviləniz 2026-cı ilə qədərdir. Həm Rusiya, həm mümkün Avropa təklifləri barədə nə düşünürsünüz?
– “Zenit”lə müqaviləm 2026-cı ildə başa çatacaq. Klub mənə yeni müqavilə təklif edir, amma hazırda xarici ölkələrdən də təklif alıram. Əgər Avropadan təklif gələrsə, onları dəyərləndirəcəyəm.
– Rusiyada çempion olmusunuz. Bu uğurlar sizin üçün nə deməkdir və azərbaycanlı gənc qızlar üçün ilham qaynağı ola biləcək misallarınız hansılardır?
– Rusiyada çempion olmağım, hər bir uğurum Azərbaycanın adını yüksəklərə qaldırmaq deməkdir. Sevinirəm ki, azərbaycanlı qadın futbolçu olaraq bu qədər uğurlar əldə edə bilirəm. Həm öz adıma, həm ölkə adına daha yaxşı uğurlar əldə etmək üçün nə lazımdırsa, edəcəyəm.
– Bildiyimizə görə, qadın idmançılar ailə qurduqdan sonra karyeralarıyla bağlı çətinliklərlə üzləşirlər. Buna münasibətiniz necədir?
– Mən hələ ailə qurmaq barədə düşünmürəm. Amma gələcəkdə ailə qursam, ailəmin fikrinə hörmətlə yanaşaram. Əgər qarşımdakı insan istəyərsə və icazə verərsə, futbola davam edərəm. Çünki mən futbolu çox sevirəm. Yox əgər icazə verməzsə, hörmətlə və anlayışla qarşılayaram.
– Futbolçu karyeranızı bitirdikdən sonra məşqçi və ya sahə kənarında fəaliyyət planlarınız varmı?
– Futbolçu karyeramı başa vurduqdan sonra məşqçi və ya biznesmen olmaq barədə düşünəcəyəm.
– “Zenit”də müdafiədə güclü rəqabət var. Siz özünüzü necə saxlayırsınız və əsas rəqibləriniz kimlərdir?
– “Zenit” güclü komandadır. Əlbəttə rəqabət bütün mövqelərdə var. Amma mən üzərimdə işləyirəm və öz yerimdə uğurlu çıxış edirəm. Ona görə də öz mövqeyimi kiməsə vermək fikrim yoxdur. Ora mənimdir (gülümsəyir).
– Legioner futbolçunun həyatında sosial təzyiqlər olur. Bunu necə idarə edirsiniz və stresli anlarda hansı üsullarla rahatlaşırsınız?
– Bəzən stresli anlarım olur. Belə olan hallarda komanda yoldaşlarım, yaxın dostlarımla bir araya gəlirik. Haralarasa gedib gəzirik, oyunlar oynayıb, söhbətlər edirik. O zaman stresim qalmır. Yəni ümumiyyətlə stresə qalib gəlmək üçün sosiallaşıram.
– Avropada çıxış arzunuz olduğunu qeyd etmisiniz. İngiltərə, İspaniya klublarından təkliflər gəlirsə, bu addımı necə reallaşdırmağı düşünürsünüz?
– Bəli, Avropa ölkələrindən təkliflər gəlsə, dəyərləndirəcəyəm. Düşünürəm ki, mən özümü daha çox inkişaf etdirmək istəyirəm və daha yaxşı yerlərə getmək istəyirəm. Həm öz adım, həm də ölkəmin adı üçün daha çox uğurlar əldə etmək istəyirəm.