Böyük Britaniyanın BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda yeni “Mərkəzi Şərqi Azəri” (ACE) platformasının işə salınmasından sonra Azərbaycandakı portfelində ən yüksək səmərəlilik göstəricilərinə nail olub.
newsbaku.az “Report”-a istinadən xəbər verir ki, bunu BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell “Platts”a müsahibəsində deyib.
“İyun ayında BP bir sıra sazişlər imzalayıb, o cümlədən “Şahdəniz”də yeni qaz sıxılma layihəsinin təsdiq edilib, həmçinin Xəzər dənizində “Qarabağ” neft layihəsinə qoşulub və bu layihə çərçivəsində 2029-cu ildə yataqda hasilata başlamağı planlaşdırır”, – icraçı vitse-prezident vurğulayıb.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, “Qarabağ” dəniz neft yatağında pik hasilat sutkada 7,5 milyon barel, illik hasilat isə pik nöqtədə 2,7 milyard bareldən çox olacaq.
Onun sözlərinə görə, BP Azərbaycan, ABŞ və Trinidad kimi regionlarda seysmik tədqiqatlar və s. sahələrdə qabaqcıl texnologiyaların tətbiqi nəticəsində mümkün olan irəliləyişlər sayəsində upstream (hasilat) seqmentdə səmərəliliyini artırır.
Birrell qeyd edib ki, BP-nin hasilat bölməsi strateji yenidənbaşlamadan sonra hasilat həcmini sabitləşdirmək üçün çoxlu imkanlara malik maraqlı missiya dövründədir və bu missiya çərçivəsində şirkət bu ilin fevralında “yaşıl” texnologiya investisiyalarından rəsmən imtina edib.
İcraçı vitse-prezident vurğulayıb ki, şirkət 2025-2027-ci illər arasında 10 yeni layihədə, 2030-cu ilə qədər isə daha 8-10 layihədə hasilata başlamağı planlaşdırır.
“Upstream performansımız hər rüb yaxşılaşmağa davam edir”, – Birrell deyib.
BP-nin hasilat sahəsində şist hasilatı üstünlük təşkil edir və şist bölməsinə (BPX) hər il 2,5 milyard ABŞ dolları həcmində sərmayə qoymağı planlaşdırır.
“BP şist neft hasilatını hər il 7 % artıraraq onu 2024-cü ildəki gündəlik 434 min barel neft ekvivalentindən 2030-cu ilə qədər 650 min barelə çatdırmağı planlaşdırır. BPX böyük artım imkanları təmin etməkdə davam edir”, – şirkət rəsmisi bildirib.
Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə iki layihədə iştirak paylarının alınmasına dair müqavilələr imzalayıb. Birinci layihə Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşən “Qarabağ” yatağıdır. İkincisi, Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşən perspektivli “Əşrəfi-Dan Ulduzu-Aypara” (ADUA) blokudur.
Bu layihələrin hər birində BP SOCAR-dan 35 % pay alıb, qalan 65 % isə Azərbaycan dövlət şirkətində qalıb. BP hər iki layihənin operatoru kimi çıxış edəcək.
newsbaku.az