“Dövlət və özəl universitetlər arasında keyfiyyət fərqi nə qədər həqiqətə uyğundur?” – Təhsil eksperti danışır

image-whatsapp-image-2025-07-28-at-17-21-49backend

Azərbaycanda ali təhsil sistemində dövlət və özəl universitetlər arasında tədris proqramlarının keyfiyyəti məsələsi zaman-zaman gündəmə gəlir.

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, eksperti Əmrah Həsənli “newsbaku.az” a açıqlamasinda bildirib.

Qeyd etmək lazımdır ki, bu fərqlər təkcə “dövlət” və ya “özəl” statusu ilə müəyyən olunmur. Hər bir universitetin strateji yanaşması, akademik heyəti, maddi-texniki bazası, eləcə də əmək bazarına inteqrasiya səviyyəsi bu keyfiyyət fərqində mühüm rol oynayır.

Tədris proqramlarının keyfiyyətinə gəldikdə, son illərdə Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bu sahədə ciddi addımlar atılıb. Həm dövlət, həm də özəl universitetlər üçün ixtisaslar üzrə minimal tələblər müəyyən olunub.

Akkreditasiya prosesi, kadrların seçimi, tədris proqramlarının monitorinqi və məzmun yenilənməsi prosesi vahid standartlar əsasında həyata keçirilir. Buna görə də, müasir dövrdə yalnız dövlət və ya yalnız özəl universitet olması o ali məktəbin daha keyfiyyətli və ya zəif olması anlamına gəlmir. Əsas meyar universitetin bu tələbləri nə dərəcədə yerinə yetirməsidir.

İxtisasların müasir tələblərə uyğunlaşdırılması məsələsində isə hər iki tip universitet üçün əsas məsuliyyət akademik rəhbərliklərin üzərinə düşür. Laboratoriyalar, praktiki fənlər, informasiya texnologiyalarının tətbiqi, müasir dərs vəsaitləri, təcrübə proqramları və beynəlxalq əməkdaşlıqlar bu uyğunluğu təmin edən əsas komponentlərdəndir.

Əgər bu imkanlar real və effektiv şəkildə tətbiq edilirsə, ixtisasların bazar ehtiyaclarına uyğunluğu təmin olunmuş olur. Bəzi özəl universitetlər bu sahədə daha çevik və dinamik fəaliyyət göstərə bildikləri üçün əmək bazarının tələblərinə daha sürətli adaptasiya imkanı əldə edirlər. Dövlət universitetləri isə geniş akademik baza və uzunmüddətli ənənələrə əsaslanan strukturları ilə daha sistemli yanaşma sərgiləyirlər.

Texniki baza və dərs materialları məsələsində isə yenə də fərq universitetdən-universitetə dəyişir. Bəzi özəl universitetlər yüksək texnoloji təchizata və beynəlxalq resurslara çıxış imkanına malikdir. Lakin bu, bütün özəl ali məktəblərə aid deyil.

Eyni zamanda, dövlət universitetlərinin bir çoxunda bu gün yüksək səviyyəli elmi laboratoriyalar, elektron resurslar, müasir kitabxanalar və təlim mərkəzləri mövcuddur. Burada əsas məsələ texniki bazanın olması ilə yanaşı, onun nə qədər funksional və tələbələr üçün əlçatan olmasıdır. Təəssüf ki, bəzi hallarda mövcud imkanlardan effektiv istifadə olunmur, bu da təhsilin real keyfiyyətinə təsir göstərir.

Ümumilikdə isə hər iki tip universitetdə də müasir tələblərə cavab verən tədris imkanlarını görmək mümkündür. Mühüm olan, universitetin idarəetmə fəlsəfəsi, akademik heyətin motivasiyası və tələbənin öyrənməyə olan yanaşmasıdır. Təhsil keyfiyyəti bu üçlüyün ortaq nəticəsi kimi formalaşır.

Rəşanə Quliyeva 

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki