Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə newsbaku.az-ın sorğusuna cavab olaraq, abituriyentlərin ixtisas seçimi mərhələsində iştirakına dair müsabiqə şərtlərini ətraflı izah edib.
Xanlarzadə bildirib ki, ixtisas seçimi yalnız müəyyən olunmuş müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün mümkündür. Müsabiqə qaydaları Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında razılaşdırılaraq təsdiqlənir.
Abituriyentlər qəbul imtahanının I və II mərhələlərində topladıqları ümumi ballar əsasında ali təhsil müəssisələrinin ixtisas qruplarına uyğun müsabiqədə iştirak edirlər. Hər ixtisas qrupu üzrə minimal bal tələbləri fərqlidir və bəzi ixtisaslarda xüsusi şərtlər tətbiq olunur.
Məsələn, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı ən azı 200, ikinci mərhələ balı isə 100-dən az olmayan abituriyentlər buraxılır. Həmçinin, xüsusi ixtisaslarda və qabiliyyət tələb edən sahələrdə ayrı şərtlər mövcuddur.
Xanlarzadə beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin qaliblərinin müsabiqədənkənar qəbul hüququna malik olduqlarını və bununla bağlı sənədlərin təqdim olunma qaydalarını da diqqətə çatdırıb.
Əlavə olaraq, müsabiqədə topladıqları bal və digər göstəricilər eyni olan abituriyentlərin bir-birindən fərqləndirilməsi üçün DİM xüsusi ardıcıllıq meyarlarından istifadə edir.
DİM-in ixtisas seçimi qaydaları və müsabiqə şərtləri ilə bağlı ətraflı məlumat rəsmi internet səhifəsində yerləşdirilib.
Rəşanə Quliyeva
newsbaku.az