2025-ci ilin yanvar-iyun aylarında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən, Ekspertlər Şurası tərəfindən 27 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
newsbaku.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, dördü fiziki şəxsdir. Onlardan 23-ü mikro, dördü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, yeddisi isə regionlarda fəaliyyət göstərir. Şəhadətnamə almış sahibkarların dördü qadındır.
“Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, ictimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələri üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətlərdir.
Ümumilikdə indiyədək 215 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
Qeyd: “Startap” şəhadətnaməsinin verilməsinə 2021-ci ildən başlanılıb. Bu sənəd KOBİA tərəfindən verilir. “Startap” şəhadətnaməsi sahibkarı üç il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edir. Eyni zamanda, “Startap” şəhadətnaməsi layihəyə yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.
newsbaku.az