Toral Bayramov: “Əsas hədəfimiz Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməkdir”

image-toralbackend

“Yeni mövsüm üçün hazırlığımız yaxşı səviyyədə keçir. Bakıdan sonra indi də Avstriyada hamı canla-başla çalışır, verilən tapşırıqları yerinə yetirir”.

newsbaku.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin müdafiəçisi Toral Bayramov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

“Komanda şəklində çatışmayan cəhətlərin üzərində işləyirik. Daha yaxşı forma yığmağa çalışırıq. Düşünürəm ki, bizim üçün çox faydalı təlim-məşq toplanışı keçir. Bakıda bir, Avstriyada üç yoxlama oyunu keçirmişik. Bu gün isə son yoxlama matçında “Zalsburq”la qarşılaşacağıq. Fikrimcə, pis təsir bağışlamamışıq. Həm taktiki, həm də fiziki durumumuzu optimal səviyyəyə çatdırmağa çalışırıq. Rəsmi oyunlara qədər tam hazır olmaq istəyirik”.

Toral bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxış etməyə çalışacaqlarını da qeyd edib:

“Çempionlar Liqasında ilk matçımıza təxminən bir həftə vaxtımız qalıb. Turnirə bütün gücümüzlə hazırlaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, meydana hər zaman qələbə üçün çıxırıq. Bunu reallaşdırmaq istəyiriksə optimal formada olmalıyıq. Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu mövsüm hər şey yaxşı olacaq”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki