Rusiyada “Anqara Hava Yolları”na məxsus An-24 təyyarəsi Amur vilayətində qəzaya uğrayıb. İlkin məlumatlara görə, heç kim sağ qalmayıb. Bölgədə 3 günlük matəm elan edilib.
Ekspertlər uzun illərdir istismarda olan An-24 tipli təyyarələrin texniki baxımdan köhnəldiyini, lakin ucqar ərazilərə daşımalar üçün hələ də istifadə olunduğunu bildirirlər. Qeyd edək ki, bu tip təyyarələrin istehsalı 1979-cu ildə dayandırılıb.
Qəzayla bağlı Prezident İlham Əliyev Putinə başsağlığı verib. Başsağlığında qeyd olunur:
“Hörmətli Vladimir Vladimiroviç, Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Məsələ ilə bağlı newsbaku.az-a açıqlama verən ekspert Natiq Cəfərli bildirir ki: “Azərbaycan Prezidenti Rusiyada baş verən qəza ilə bağlı başsağlığı verərək insani davranış nümayiş etdirdi. Bir çox ölkələrin rəhbərləri də eyni addımı atıblar, hətta Ermənistan Respublikası Baş naziri Nikol Paşinyan da İlham Əliyevdən sonra Rusiyaya başsağlığı göndərdi. Bu, beynəlxalq praktikadır. Rusiya bizim qonşumuzdur və Azərbaycan tərəfdən yox, məhz Rusiya tərəfdən qaynaqlanan problemlər yaşanır. Azərbaycan təyyarəsinin vurulması, Azərbaycan diasporasında Azərbaycan vətəndaşlarına qarşı qeyri-qanuni və qeyri-insani davranışlar – bunlar, Rusiyanın addımlarıdır və Azərbaycan bəzi hallarda cavab tədbirləri görür. Yəni, gərginliyi yaradan Rusiyadır və Azərbaycan dövlət başçısının mövqeyi Rusiyaya bir növ diplomatik dərs kimi hesab olunmalıdır. Azərbaycan təyyarəsinin vurulmasından sonra belə bir mövqe nümayiş etdirmək, Azərbaycan tərəfinin vəziyyətin gərginləşməsinə yox, problemlərin həllinə yönəlik addımların atılmasına xidmət edir. Bu normal beynəlxalq praktikadır, burada qeyri-adi heç nə yoxdur.
Paşa Nuru
newsbaku.az