Millət vəkili Elnarə Akımova Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənlinin ümummilli lider Heydər Əliyevin adına universitet yaradılması ilə bağlı təklifinə münasibət bildirib.
newsbaku.az açıqlamasında deputat qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil ocaqlarında Ulu öndər Heydər Əliyevin irsi, siyasi kursu yetərincə geniş təbliğ olunur:
“Bununla belə, Heydər Əliyevin adına universitet yaradılması təklifi əhəmiyyətli və strateji bir ideyadır. Çünki Ulu öndər o qədər böyük şəxsiyyət, hərtərəfli savada, erudit zəkaya malik liderdir ki, onun adına bütün dəyərli ünvanlar təsis etmək yaraşır. Digər tərəfdən, Heydər Əliyev təkcə Azərbaycanın müasir dövlətçiliyinin banisi deyil, eyni zamanda təhsilə daim xüsusi önəm vermiş bir dövlət başçısı olub”.
Deputat əlavə edib ki, belə bir universitetin yaradılması həm Ulu öndərin irsinin yaşadılması, həm də akademik potensialın gücləndirilməsi baxımından əhəmiyyətlidir:
“Belə bir universitetin yaradılması, onun adını daşıyan elm və bilik ocağının formalaşdırılması həm tarixi şəxsiyyətin irsinin yaşadılması, həm də ölkənin akademik potensialının gücləndirilməsi baxımından önəm daşıyar. Amma əlbəttə ki, bu işlərə prosedur qaydada rəsmi qurumlar tərəfindən baxılıb qərar verilməlidir”.
Rəşanə İsamqızı
newsbaku.az