“Azərbaycan hər zaman İranla dostluq və qonşuluq münasibətlərini qoruyub inkişaf etdirməyə çalışıb. Azərbaycan-İran münasibətləri bu gün heç vaxt olmadığı qədər yaxşı bir mərhələyə qədəm qoyub və biz bu münasibətlərin qorunmasında maraqlıyıq”.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, İranın ritorikasında və davranışında son vaxtlar davamlı təxribat əlamətləri görürük:
“Bu, münasibətlərin ruhuna uyğun deyil. Azərbaycanın 12 günlük müharibə zamanı İsrailə hərbi dəstək verməsi və ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı iddiaların heç bir əsası yoxdur. Azərbaycan bu məsələyə dəfələrlə rəsmi şəkildə aydınlıq gətirib. Biz heç bir dövlətə hərbi dəstək verməmişik. Ölkəmizin ərazisindən heç bir şəkildə İrana qarşı istifadə olunmayıb. Bu məsələ Azərbaycan rəhbərliyi tərəfindən dəfələrlə dilə gətirilib, həmçinin İran rəsmiləri tərəfindən də təsdiq olunub”.
Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan İslam dünyası ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır:
“Azərbaycan bu gün İslam dünyasında önəmli rol oynayır və müsəlman ölkələri ilə münasibətlərini ardıcıl olaraq gücləndirir. Bu əməkdaşlıq hansısa üçüncü tərəfə qarşı yönəlməyib. Suriya prezidentinin Bakıya səfəri və bu çərçivədə baş tutan görüşlər də eyni niyyətə xidmət edir”.
Deputat əlavə edib ki, Azərbaycan Suriyada sülh və sabitliyin bərqərar olmasını istəyir və bu istiqamətdə dəstəyini əsirgəmir:
“Suriya rəhbərinin Azərbaycana səfəri, buradakı görüşlər və əməkdaşlıq təklifləri İrana qarşı deyil, Suriyanın və ümumilikdə müsəlman dünyasının xeyrinədir. Biz Suriyada sülh və əmin-amanlıq istəyirik. Azərbaycan bu istiqamətdə töhfə verməyə hazırdır və bu da bizim müsəlman həmrəyliyi prinsiplərimizə uyğundur”.
Ceyhun Məmmədov sonda bildirib ki, bu cür əsassız ittihamlar regionda sabitliyə xidmət etmir və Azərbaycanın qonşularla münasibətlərinin pozulmasına yönəlib:
“Azərbaycanın siyasəti açıq və şəffafdır. Biz İran da daxil olmaqla, bütün müsəlman ölkələri ilə münasibətlərimizin qorunmasında maraqlıyıq. Ona görə də İran mediasında səslənən iddialar, təxribat xarakterli yanaşmalar yolverilməzdir və bu ritorikadan çəkinmək lazımdır”.
newsbaku.az