Rusiyada qeyri-qanuni yaşayan miqrantların ölkədə mövcudluqlarını leqallaşdırmaları üçün son bir günü qalıb.
newsbaku.az-ın TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, sentyabrın 10-da ölkədə qalmaları qeyri-qanuni olan əcnəbilərə öz statuslarını leqallaşdırmağa icazə verən prezident fərmanının müddəti başa çatır.
“Sentyabrın 11-dən qeyd edilən əcnəbi vətəndaşlar barəsində Rusiyadan çıxarılmalarına qədər fərdi hüquqların, o cümlədən gələcəkdə Rusiyaya girişin məhdudlaşdırılması üçün qanunla nəzərdə tutulmuş bütün tədbirlər tətbiq ediləcək”, – deyə nazirlikdən bildirilib.
Bu təklif, həmçinin yaşayış icazəsi üçün müraciət edə bilən və ya Ukraynada daimi qeydiyyatı olduğu təqdirdə dərhal Rusiya vətəndaşlığı üçün müraciət edə bilən Ukrayna vətəndaşlarına da şamil edilir.
Sentyabrın 11-dən öz statusunu tənzimləməmiş əcnəbilər məhdudiyyətlərlə üzləşəcəklər: onlara nikahı qeydiyyata almaq, boşanmaq, uşaqlarını təhsil müəssisələrinə yerləşdirmək, avtomobil idarə etmək və gündəlik həyatda zəruri olan digər xidmətlərdən istifadə etmək qadağan olunacaq.
Qanun pozucuları öz statuslarını leqallaşdırmaq üçün yaşadıqları yer üzrə Daxili İşlər Nazirliyinin pasport və viza mərkəzlərinə və ya yaxınlıqdakı miqrasiya idarələrinə müraciət etməli olacaqlar.
newsbaku.az