Sumqayıtda əmisi oğlunu bıçaqlayan sahibkara şərti iş kəsilib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki “Leon qəlyan” adlı tütün məmulatları mağazasında baş verib.
Mağazanın icarədarı Rəfael Məmmədov (soyad şərtidir) eşidir ki, Zaur sərxoş vəziyyətdə olub, onun arxasınca danışıb. Bu məsələni dəqiqləşdirmək istəyən Rəfael Zaurla danışmaq istəsə də, Zaur onun telefonuna cavab vermir. Gecə saatlarında Zaur sərxoş vəziyyətdə ona zəng vurub olduğu yeri soruşur. Rəfael isə mağazada olduğunu bildirir və onu mağazaya dəvət edir.
Zaur sərxoş vəziyyətdə mağazaya gəlir və əmisi oğlu ilə mübahisə edir. Mübahisə zamanı Rəfael Zauru mağazadan çıxarıb qapını bağlasa da, Zaur yenidən mağazaya daxil olmağa cəhd edir. O, mağazanın qapısını yumruq və təpiklə döyür, Rəfaelə qarşı təhqiramiz sözlər işlədir. Əsəbiləşən Rəfael qapını açır və mübahisələri davam edir. Rəfael stolun üzərindəki bıçaqla onun sinə nahiyəsinə zərbə endirir.
Xəsarət alan Zauru Rəfael özü xəstəxanaya aparır.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rəfael saxlanılır və faktla bağlı cinayət işi başlanır.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan edilir və zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayətçi olmur.
Məhkəmənin hökmü ilə R.Məmmədov üç il müddətinə azadlıqdan məhrum edilir. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edir.
newsbaku.az