Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümü ilə əlaqədar əhaliyə müraciət edib
newsbaku.az-a açıqlama verən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirir:
“Fövqalədə Hallar Nazirliyi tərəfindən kütləvi maarifləndirmə işlərinə baxmayaraq ,təəssüflə bildirməliyik ki, hələ də bəzi vətəndaşlar tərəfindən nəzarətsiz, qeyri-çimərlik ərazilərindən habelə bölgələrimizdə uşaq və yeniyetmələrin çimərlik kimi nəzərdə tutulmayan suvarma kanalları, süni göllər, çaylar, su arxları və digər su tutarlarından istifadə hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur. Biz, xüsusən valideynlərə müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər çimərlikdə xilasedicilər yoxdursa, xilasetmə texnikalı vasitələr mövcud deyilsə, bu həmin ərazidə təhlükəsiz tədbirlərinin görünmədiyini, bu kimi yerlərdə istifadənin təhlükəli olduğunu bildirir.
FHN-in tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədər olaraq, bütün zəruri təhlükəsizlik tədbirləri görülür. Belə ki, cari ilin aprel ayından etibarən sahilboyu ərazilərdə monitorinqlər keçirilib. Monitoriqlər zamanı, çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlər təqdim edilib. Xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr aparılıb, sualtı təmizləmə işləri görülüb. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulub. Çimərlik ərazilərində istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması üçün maarifləndirici lövhələr yerləşdirilib. Xidmətin balansında olan xilasetmə texnika vasitələr işlək vəziyyətə gətirilib və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti iyun ayının 15-dən etibarən, gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsi, cari ildə boğulma təhlükəsi ilə üz-üzə qalan 36 nəfər xilas olunub. Xidmətin nəzarət etdiyi çimərliklərdə növbəti dəfə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Eyni zamanda çimərliklərdə xoş zaman keçirtmək üçün diqqət yetirməli olduğumuz məqam hava şəraiti və günün müəyyən saatlarıdır. Bildirilir ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərlikdə suya girmək və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Bununla yanaşı, vətəndaşlar yadda saxlamalıdır ki, küləkli havada dalğalı dənizdə suya girmək, üzmə sərhədlərini müəyyən edən nişanları üzüb keçmək, suda kobud hərəkətlər etmək çimərlik ərazisində balıq ovlamaq qadağandır”,- deyə bildirdi.
Hər hansı bir təhlükə baş verdikdə 112 qaynar telefon xəttinə zəng edin.
newsbaku.az