Müasir dövrdə sürətli həyat tərzi və reklamların təsiri ilə qazlı içkilər gündəlik qida rasionumuzda geniş yer tutmağa başlayıb. Soyuq, şirin və cəlbedici dadı ilə bir çox insanın sevimli içkisinə çevrilən bu məhsullar, əslində sağlamlığımız üçün ciddi təhlükə yaradır. Qazlı içkilərin tərkibindəki yüksək şəkər miqdarı, süni maddələr və turşular uzunmüddətli istifadədə bir sıra xəstəliklərin yaranmasına səbəb olur.
Gündəlik istifadə etdiyimiz bu içkilərin təbii ki, həyatımıza zərəri çoxdur. Bəzi hallarda məhsulların üzərində “diet” və ya “şəkərsiz” versiyalar belə süni şirinləşdiricilər ehtiva edir ki, onların da uzunmüddətli təsiri tam məlum deyil. Həmçinin piylənmə, 2-ci tip diabet, və diş çürüməsi riskini artırır. Bununla yanaşı, fosforik turşu kalsiumun sorulmasını azaldır, bu da sümük zəifləməsinə və osteoporoza səbəb ola bilər.
Asılılıq yarandığı zaman həqiqətən bu vərdişdən uzaqlaşmaq istəsək ilk öncə sual verərək sağlam həyata başlaya bilərik. Məsələn, “niyə bu vərdişi dəyişmək istəyirəm?”, ” bu vərdişdən uzaqlaşsam həyatımda hansı müsbət irəliləyişləri əldə edəcəm?” və s kimi suallar verə bilərik.
Qazlı içkilərin yerinə limonlu su, nanəli soyuq çay, meyvə dilimli soda suyu, ev üsullu kompot və ya buzlu bitki çayları içə bilərik. Addımı atdığımız ilk vaxtlar təbii ki bu çətin olacaq ancaq bunu bacarağınıza inanın və məqsədinizdən dönməyin.
Qazlı içkidən imtina etdiyində özünü kiçik bir şeylə sevindir, buna sevdiyin bir film, gəzinti, ya da yeni bir kitab aid ola bilər.
Nuranə Məmmədova
newsbaku.az