Kambocanın baş naziri Hun Manet Tailandla sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
newsbaku.az-ın “Khmer Times”a istinadən verdiyi xəbərə görə, bu barədə Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhmədə müvafiq məktub göndərilib.
“Tailandın son vaxtlar regionda sülh və sabitliyə təhlükə yaradan son dərəcə ciddi və təcavüzkar hərəkətlərini nəzərə alaraq, sizdən bu təcavüzü dayandırmaq üçün Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı təkidlə xahiş edirəm”, – deyə nəşr sənədin mətnindən sitat gətirib.
Qeyd edək ki, iyul ayında BMT-nin Təhlükəsizlik Şurasına Pakistan sədrlik edir.
Məktubda baş nazir mövcud vəziyyətlə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, 2025-ci il iyulun 24-də səhər tezdən Tailand Silahlı Qüvvələri sərhəd bölgələri boyunca Kambocanın mövqelərinə əvvəlcədən planlaşdırılmış və düşünülmüş hücumlar həyata keçirib. Hökumət başçısı qeyd edib ki, Tailand beynəlxalq hüququ, BMT və ASEAN nizamnamələrini pozaraq hərəkət edib, Kamboca qoşunlarının öz suverenliklərini və ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə tədbirləri görməkdən başqa seçimi olmayıb.
newsbaku.az