Çinli alimlər arılara çip yerləşdirir

image-file_772backend

Pekin Texnologiya İnstitutundan professor Zhao Jieliang və komandası, cəmi 74 milliqram çəkisi olan dünyanın ən yüngül beyin idarəedicisini hazırlayıblar.

newsbaku.az South China Morning Post qəzetinə istinadən məlumat verir ki, idarəedici cihaz arının beyninə üç iynə ilə nüfuz edir və elektron impulslar vasitəsilə ötürülən siqnallarla onu irəli, geri, sola və ya sağa uçmağa məcbur edir.

Prof. Zhao və komandası tərəfindən aparılan sınaqlarda arıların göstərişlərə %90 dəqiqliklə tabe olduğunu müəyyən ediblər. Bu texnologiya sayəsində “kiborq arılar” kameralar, dinləmə qurğuları və müxtəlif sensorlarla təchiz edilərək topladıqları məlumatları birbaşa operatorlara ötürə bilirlər.

image-shaoze-yan-and-jieliang-zhao

Alimlər bu kiçik kiborq arının hərbi məqsədlərlə çətin keçilən ərazilərə sızmaqda və ya təbii fəlakətlər zamanı sağ qalanları axtarıb-tapmaq üçün axtarış-xilasetmə əməliyyatlarında istifadə ediləcəyinə ümid edirlər.
Araşdırmalar göstərir ki, həşərat əsaslı robotlar bioloji ev sahiblərinin yüksək hərəkət qabiliyyəti, kamuflyaj imkanları və mühitə uyğunlaşma bacarıqlarını miras alır.

Canlı həşəratların hərbi məqsədlərlə idarə olunması fikri, ilk baxışda qəribə görünsə də, əslində olduqca geniş yayılıb. Məsələn, tarakanlardan səhrada kəşfiyyat üçün istifadə edən layihələr artıq reallaşdırılıb.

Pekinli alimlər isə arıların təbii davamlılıq qabiliyyətinə güvənir. Onlar hesab edirlər ki, real arıların “uzunmüddətli əməliyyat imkanları” terrorla mübarizə, narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar və təbii fəlakətlərdə xilasetmə işləri üçün əvəzolunmaz edir.

Lakin futuristik gizli əməliyyatlarda arılardan ibarət bir ordunun hərbi hədəflərə sızması üçün hələ bir sıra problemlərin həllinə ehtiyac var.

Ən böyük çətinliklərdən biri enerji təminatıdır. Hal-hazırda arılar idarəedici qurğuya naqillə qoşulmalıdır, çünki onları sərbəst şəkildə hərəkət etdirə biləcək batareyalar çox ağırdır. Belə bir batareya təxminən 600 milliqramdır və bu, arının daşıya biləcəyindən xeyli artıqdır.

image-cin-arilara-cip-yerlestirip-beyinlerini-kontrol-etmeye-basladi-hnwn

South China Morning Post qəzetinin məlumatına görə, tədqiqat sənədində vurğulanır :
“Gələcək tədqiqatlarda stimullaşdırıcı siqnallar və idarəetmə texnikaları daha da təkmilləşdirilərək həşəratların davranışına nəzarətin dəqiqliyi və sabitliyi artırılacaq.”

Bu sahədəki çox texniki çətinliklər aradan qaldırıldıqda canlı orqanizmlərlə texnologiyanın sintezindən doğan bu yanaşma gələcəkdə mülki və hərbi sahələrdə inqilabi dəyişikliklərə səbəb olacaq.

Belə görünür ki, yaxın illərdə səmada süni intellektlə idarə olunan arılar və torpaqda sürünən kiborq tarakanlar təkcə elmi fantastika deyil, gündəlik reallığın bir hissəsinə çevriləcək.

 

Aynur Abdullayeva

newsbaku.az

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki